2020-ci ilin yekunları üzrə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin xalis mənfəəti 312,895 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 19,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“AzFinance”ın auditi aparılmış maliyyə hesabatına əsasən, şirkətin əməliyyat gəlirləri 1 milyon 501,472 min manat (2019-cu illə müqayisədə azalma 18,8%) təşkil edib.
Hesabat dövründə cəmiyyətin əməliyyat mənfəəti 471,248 min manat, vergi ödənilənədək mənfəəti 468,122 min manat təşkil edib. Bu dövrdə “AzFinance” 155,227 min manat mənfəət vergisi ödəyib (artım 51,8%).
2020-ci ilin yekunları üzrə “AzFinance”ın aktivləri 6,5% - 2 milyon 449,94 min manatadək, kapitalı 16,3% - 2 milyon 226,62 min manatadək artıb.
Ötən il şirkətin öhdəlikləri 42,3% - 223,319 min manatadək azalıb.
“AzFinance İnvest” MMC 2014-cü ildə yaradılıb və həmin ilin aprel ayında diler və broker fəaliyyətinə lisenziya alıb. MMC 2015-ci ildə “AzFinance İnvestisiya Şirkəti” QSC-yə çevrilib. Şirkətin nizamnamə kapitalı 1,55 milyon manata bərabərdir.*