1 aprel 2021-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 713,2 manat ($419,5) təşkil edir ki, bu da 2020-ci ilin mart ayının sonuna olan göstəricidən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 mart 2021-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 692,3 manat ($407,2), 1 fevral 2021-ci il tarixinə 690,9 manat ($405,9), 1 yanvar 2021-ci il tarixinə 707,3 manat ($416,1), 1 dekabr 2020-ci il tarixinə 703,5 manat ($413,8), 1 noyabr 2020-ci il tarixinə 704,5 manat ($414,4), 1 oktyabr 2020-ci il tarixinə 706,6 manat ($415,6) təşkil edib.
2021-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və ya 2% artaraq 1679,7 min nəfər olub (martın 1-nə 1 milyon 678,5 min nəfər), onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,7%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.*
X.Nəsirzadə