Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisi şəhərinin (Kvemo-Kartli diyarı) sakinlərini ötən gün məişət zəminində baş vermiş münaqişəni etnik qarşıdurmaya çevirməməyə çağırıb.
Gürcüstan KİV-in məlumatına görə, bazar günü Dmanisi şəhərində yerli sakinlər - etnik gürcülərlə azərbaycanlılar arasında kütləvi dava baş verib. Davada onlarla şəxs iştirak edib.
Bazar ertəsi səhər saatlarında vəziyyət yenidən gərginləşib və polis bir-birini daşlayan yüzlərlə vətəndaşı dayandırmaq üçün kordon qurmalı olub.
Gürcüstan DİN Dmanisidə qarşıdurma tərəflərini qanunun tələblərinə əməl etməyə və təmkinli olmağa çağırıb.
“Polis ona verilən mandat çərçivəsində hərəkət edəcək və hər hansı bir qanun pozuntusuna cavab verəcək”, - deyə DİN-in açıqlamasında qeyd olunur.
Gərginliyin süni şəkildə artmasının qarşısının alınması məqsədi ilə DİN əməkdaşları hadisə yerinə səfərbər olunub.
“Gürcüstan DİN qarşıdurma tərəflərini polisin qanuni tələblərinə tabe olmağa və münaqişəni süni etnik qarşıdurmaya çevirməmək üçün təmkinli olmağa çağırıb”, - deyə açıqlamada vurğulanır.*