Mayın 18-dən Azərbaycanda “Sputnik V” peyvəndinin tətbiqinə başlanılır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq”, - deyə məlumatda bildirilir.
18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Peyvəndləmənin 2021-2022-ci illərdə mərhələli şəkildə aparılması planlaşdırılır. Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” və “AstraZeneca” peyvəndləri ilə həyata keçirilir.
Mayın 16-na Azərbaycanda 764,218 min nəfər və ya ölkə əhalisinin 7,5%-i iki mərhələ üzrə peyvənd olunub.
Azərbaycan Rusiya Federasiyasının “Human Vaccine” MMC ilə 300 min doza “Sputnik V” dərman vasitəsinin ölkəyə idxalı haqqında müqavilə imzalayıb. Birinci partiya (40 min doza) Bakıya mayın 2-də gətirilib. İkinci partiyanın mayın sonunda gətirilməsi gözlənilir. Hazırda Bakı və Moskva Rusiya vaksininin Azərbaycanda istehsalının təşkili imkanlarını müzakirə edir.*
X.Nəsirzadə