“AzerGold” QSC “Filizçay” polimetal yatağına dair Texniki-İqtisadi Əsaslandırma sənədi və ilkin detallı layihələndirmə sənədlərinin hazırlanması üçün məsləhətçi seçimi üzrə təkliflərin qəbul müddətini 24 may tarixinə qədər uzadıb.
Seçim təkliflər sorğusu üsulu ilə aparılır. Seçimdə iştirak etmək istəyən şirkətlər təkliflərini 8 may saat 15:00-a qədər təqdim etməli idilər. Bu müddət 24 may saat 15:00-a qədər uzadılıb.
Telefon: 012-505-02-02 (daxili 1108), əlaqələndirici şəxs – Aygül Tağıyeva.
“AzerGold” QSC 2025-ci ildə “Filizçay” polimetal yatağının fəal şəkildə işlənilməsinə başlamağı planlaşdırır. Yatağın 1-ci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyatları 60 milyon tona yaxın proqnozlaşdırılır. Planlaşdırılan tədqiqat işləri nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona kimi artırılması da gözlənilir. Yataqda hasilat işlərinə başlamazdan öncə potensial resursların təyin edilməsi, resurların hesablanması və təsdiqi, texniki-iqtisadi əsaslandırma və tikinti işləri həyata keçirilməlidir.
“Filizçay” yatağı ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq hesab edilir və dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Yataq Azərbaycanda yaradılması planlaşdırılan dağ-mədən sənayesi kompleksi üçün 50 il ərzində xammal bazası kimi çıxış edə bilər. “AzerGold”un qiymətləndirmələrinə görə, yatağın işlənməsindən Azərbaycanın gəlirləri 10 milyard manata qədər təşkil edəcək.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.*
N.Abbasova