Rusiya Azərbaycan və Ermənistana sərhədlərin demarkasiyası işində kömək etməyə hazırdır, bu məsələdə emosiyaları gərginləşdirməyə səbəb yoxdur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə gəlincə, bu insidentdən sonra Azərbaycan tərəfi açıqlama verərək baş verənlərin delimitasiya və demarkasiyası həyata keçirilmiş sərhədlərin olmaması ilə izah edib. Heç kim heç vaxt bununla məşğul olmayıb”, - deyə o, Moskvada keçirilən mətbuat konfransında bildirib.
“Biz tərəflərə işə başlamağı təklif etdik. Biz yardım etməyə, kartoqrafik materialları və məsləhət xidmətlərini təqdim etməyə hazırıq. Bircə dəfə də olsun atəş açılmayıb, heç bir toqquşma baş verməyib. Oturdular, sakitcə bu vəziyyəti necə həll edəcəkləri barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz köməklik göstərdilər, razılıq əldə olundu. Bu qədər sakit şəkildə həll edilən bir məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmürəm”, - deyə o vurğulayıb.*