Avropa Komissiyası Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən mülki şəxslərə daha 10 milyon avro məbləğində humanitar yardımın ayrıldığını bildirib.
“Dəstəyimiz bununla bitmir: Aİ münaqişənin tam həlli, regionun uzunmüddətli sosial-iqtisadi bərpası və dayanıqlığı istiqamətində çalışmalarını davam etdirir”, - deyə Avropa İttifaqının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi bildirib.
Beləliklə, Aİ-nin hərbi əməliyyatların başladığı 2020-ci ilin sentyabr ayından zərər çəkmiş sakinlərə ayırdığı humanitar yardımın həcmi 17 milyon avronu ötüb.
Bu vəsait qida, gigiyena və ev əşyaları, səhiyyə, psixososial dəstək və digər məsələlərə sərf olunur. Bu yardım məcburi köçkünlər, geri qayıdanlar və ev sahibi icmalar da daxil olmaqla, münaqişənin təsirinə məruz qalmış ən həssas insanlar üçün nəzərdə tutulub.
Avropa Komissiyasının məlumatında qeyd olunur ki, humanitar yardım BMT agentlikləri, beynəlxalq təşkilatlar və QHT-lərlə tərəfdaşlıq edilərək müvafiq yerlərə çatdırılır.
“Aİ Azərbaycan və Ermənistanın ən mühüm tərəfdaşıdır və islahatların həyata keçirilməsində və sosial-iqtisadi bərpa məsələlərində onları dəstəkləyir”, - deyə məlumatda bildirilir.*