2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan 139 min 428,32 ton polimer məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2021-ci ilin yanvar-aprel aylarında $122 milyon 902,68 min dəyərində 139 min 428,32 ton plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 73,1% və dəyər ifadəsində 2 dəfə artıb. Həmçinin, hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1,93%, qeyri-neft ixracının strukturunda 17,63% təşkil edib”, - DGK-dən bildirilir.
Cari ilin yanvar-aprel aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 45 min 338,35 ton ($50 milyon 973,65 min) ilkin formada polietilenin, 30 min 757,95 ton ($37 milyon 53,03 min) ilkin formada polipropilenin, 8 min 693,8 ton ($13 milyon 188,75 min) ilkin formada propilen sopolimerlərinin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. “SOCAR Polymer” şirkətinin bu zavodların fəaliyyətindən $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.**
N.Abbasova