Çərşənbə axşamıİqtisadiyyat Nazirliyi ilə “Carlsberg Azerbaijan” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanmış sənədə əsasən, Azərbaycanda ən böyük pivə istehsalı şirkəti olan “Carlsberg Azerbaijan”2021-2025-ci illərdə istehsalın inkişafına yönəlmiş kommersiya layihələrinə 25 milyon manatdan çox sərmayə yatıracaq ($14,7 milyondan çox).
“Sərmayələr xammal bazasının lokallaşdırılmasına, müəssisənin modernləşdirilməsinə, itkilərin azaldılmasına və iş yerlərində təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə, ölkədə istehsal olunan pivənin ixracına yönəldiləcək”, - nazirliyin məlumatında qeyd olunur.
“Carlsberg Azerbaijan” pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər əməkdaş və 400 nəfər vasitəçi (distribyutor, agentlik, podratçı) çalışır. Zavodun inkişafına şirkətin ümumi sərmayəsi təxminən 55 milyon manatdır.
Şirkət portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg Blanc 1664, Seth&Riley’s Garage kimi məşhur markalar daxildir.**
B.Rüstəmbəyov