Böyük Britaniya şirkətləri Qarabağın inkişafı və bərpası layihələrində iştirak etməkdə maraqlıdır. Bunu Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə deyib.
“Hazırda söhbət bəyan edilmiş niyyətlərdən yox, Britaniya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı ilə bağlı konkret hallardan gedir. Mən hələ ki, konkret halları açıqlaya bilmərəm, ancaq inanın ki, konkret şirkətlər, britaniyalı oyunçuların azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında iştirakı, qarşılıqlı fəaliyyət halları barədə danışıram”, - deyə Tağızadə “Modern Talking” Youtube kanalına müsahibəsində bildirib.
Diplomat, həmçinin qeyd edib ki, London Qarabağın minalardan təmizlənməsi məsələsində Bakıya böyük yardım göstərə bilər.
“Minalardan təmizləmə ilə bağlı məsələni ayrıca qeyd etmək lazımdır. Bu, vacib mövzulardan biridir, çünki onun siyasi aspekti ilə yanaşı, humanitar aspekti də var, belə ki, qonşularımızın (Ermənistanın - İF) qeyri-konstruktiv siyasətinin təzahürü və mina xəritələrini verməməsi nəticəsində insanlar həlak olmağa davam edir. Böyük təcrübəyə malik olan Böyük Britaniya minalardan təmizləmə prosesinə cəlb olunmaqla fayda verə bilər. Hesab edirəm ki, bu, azad edilmiş ərazilərin bərpası məsələsində Böyük Britaniyanın rolunun prinsipial tərkib hissəsidir”, - deyə Tağızadə vurğulayıb.
Səfirin sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxması Azərbaycanla ikitərəfli münasibətlərdə yeni perspektivlər açır. London bu münasibətlərin inkişafında maraqlıdır, çünki Bakını Cənubi Qafqazda əsas strateji tərəfdaşı hesab edir.
“Böyük Britaniya birmənalı olaraq Azərbaycanı Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatı, mərkəz kimi tanıyır. Azərbaycan və Böyük Britaniya bərpa olunan enerji, kənd təsərrüfatı, turizm, bank sektoru, təhsil sahələrində əməkdaşlığı inkişaf etdirəcək”, - deyə o vurğulayıb.
T.Tağızadə, həmçinin əlavə edib ki, Azərbaycan şirkətləri Britaniya bazarına çıxmaq üçün çalışmalıdır.*
X.Nəsirzadə