Azərbaycanın hüquq-mühafizə orqanları dövlət sərhədini pozaraq 2 sərhədçimizi qətlə yetirən İran vətəndaşının zərərsizləşdirilməsi əməliyyatı barədə məlumat yayıb.
Xəbər verildiyi kimi, 15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dovlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıb. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə yerində 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir.
“Bu gün saat 10.00 radələrində DİN-in Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayət hadisəsinin digər iştirakçılarından biri - İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlunun Yardımlı rayonu ərazisində gizləndiyi yer müəyyən edilib, sonuncu təslim olmayaraq, silahlı müqavimət göstərdiyindən hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə zərərsizləşdirilib”, - deyə Baş Prokurorluq, DİN və DSX-nin birgə məlumatında qeyd olunur.
Hazırda cinayətin digər iştirakçısının şəxsiyyətinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, habelə işin digər hallarının araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.*
X.Nəsirzadə