2021-ci ilin yanvar-aprel aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 18,6 milyon manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb.
Verilən kreditlərin 43%-i aqrar sektorun, 57%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73%-i regionlarda, 27%-i isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.
2020-ci ildə SİF-in xətti ilə sahibkarlara 127 milyon manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov