2021-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin sayı 10,981 min nəfər və ya 0,1% artaraq 2021-ci il aprelin 1-nə 10 milyon 130,114 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Yanvar-mart aylarında ölkə üzrə 29,484 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 2,8% çoxdur və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,9 təşkil edib. Doğulanların 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır. Körpələrdən 708-i əkiz, 21-i isə üçəm doğulanlardır.
Bu dövrdə 19,014 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,7 təşkil edib. 2020-ci ilin yanvar-mart aylarında bu göstərici 6,5 olub.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 10,334 min nikah (2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə azalma 14,8%) və 3,704 min boşanma halı (azalma 3,1%) qeydə alınıb.
2021-ci ilin yanvar-mart aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 587 nəfər gələn və 76 nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə