2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,4% - 1 milyard 198,8 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 35% - 137,2 min tona qədər, dizel yanacağı istehsalında 6% - 776,8 min tona qədər, sürtkü yağı istehsalında 1,9 dəfə – 17,6 min tona qədər, neft koksu istehsalında 13,8% - 87,5 min tona qədər artım qeydə alınıb.
Yanvar-aprel aylarında 365,5 min ton (azalma 10%) avtomobil benzini, 148,7 min ton (azalma 20,3%) təyyarə yanacağı, 21,3 min ton (azalma 27,1%) soba mazutu, 67,6 min ton (azalma 14,8%) neft bitumu istehsal edilib.
2021-ci il mayın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 59,5 min ton avtomobil benzini, 1,4 min ton nafta, 42,2 min ton təyyarə yanacağı, 81,8 min ton dizel yanacağı, 10,1 min ton soba mazutu, 5,6 min ton sürtkü yağı, 13,7 min ton neft bitumu, 4,8 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova