Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin Azərbaycanda yüksək terror təhlükəsi riskinin olması ilə bağlı bəyanatını əsassız sayır.
“ABŞ-ın Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılıb”, - deyə DTX-nin məlumatında bildirilir.
“Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır”, - deyə məlumatda qeyd olunur.
DTX bildirir ki, ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyil.*
B.Rüstəmbəyov