Azərbaycan Baş Prokuroluğu Ermənistanın iki vətəndaşı barəsində iş üzrə ittiham aktının təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərib.
Baş Prokuroluğun məlumatına əsasən, Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
O cümlədən, 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Lüdvik Mkrtiçyanın Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilidiyi barədə məlumat verilir. .
İstintaqla müəyyən edilib ki, Mkrtiçyan və Xosrovyan Birinci Qarabağ müharibəsi zamanı (1992-1994-cü illər) əsir düşən azərbaycanlı hərbçilərə fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Müəyyən olunan faktlar əsasında Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir. “(...) törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək”, - Baş Prokurorluq qeyd edir. **
X.Nəsirzadə