Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Rusiya və ABŞ ilə ikitərəfli fəal əməkdaşlığa ümid edir.
“Rusiya ilə çoxşaxəli münasibətlərimiz var, çünki biz qonşuyuq və zəngin qarşılıqlı tariximiz var. ABŞ ilə münasibətlər bir o qədər də şaxələndirilmiş deyil, biz daha çox terrorçuluğa qarşı mübarizə, Əfqanıstan və İraqda sülhməramlı missiyaları məsələlərində əməkdaşlıq edirik”, - Əliyev bu gün “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”adlı videoformatda müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan həm Rusiya, həm də ABŞ ilə ikitərəfli fəal əməkdaşlığa yönəlib.
“Hesab edirəm ki, Qarabağ münaqişəsinin sona şatması bu prosesi daha da asanlaşdıracaq, çünki münaqişə əməkdaşlığın bəzi istiqamətlərini təcrid edirdi”, - o qeyd edib.
Əliyev əlavə edib ki, ABŞ və Rusiya hər iki ölkənin hərbi komandanlarının görüşləri üçün dəfələrlə Bakı şəhərini seçib.
“Mənə elə gəlir ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün çox şey edə bilər, çünki Vaşinqton ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Hiss edirəm ki, ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında əməkdaşlığln aktivləşməsi üçün yeni istiqamətlər axtarır. Eyni zamanda, ABŞ, dünyada iri dövlət olduğu üçün istənilən regionda mühüm rol oynayır. ABŞ erməni cəmiyyətinə ölkələrimizin sülh şəraitində yaşamağa öyrənməli olması fikrini çatdıra bilər”, - Əliyev ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekutanın sualına cavabında bildirib. **
Ə.Məmmədov