Azərbaycan və Böyük Britaniya təmiz enerji sahəsində əməkdaşlığa dair razılığa gəlib.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.Sənəd Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair imzalanıb”, - Energetika Nazirliyinin məlumatında deyilir.
Sənəd iki ölkə arasında enerji məsələlərində əməkdaşlığı gücləndirmək və iqlim dəyişikliyi probleminin həlli imkanlarını araşdırmağı nəzərdə tutur.
Memorandum çərçivəsində bərpa olunan enerji, enerji səmərəliliyi, aşağı karbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri sahələrində əməkdaşlıq ediləcək, məlumat və təcrübə mübadiləsi aparılacaq.
Bundan başqa, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində Niyyət Protokolu da imzalanıb.
İclas zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuart energetika,bərpa olunan enerji və enerji səmərəliliyi, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları müzakirə ediblər.
Nazirliyin məlumatına görə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 34% artaraq, 704,6 milyon ABŞ dolları təşkil edib. Ötən il isə bu göstərici, pandemiyanın mənfi təsirləri ilə əlaqədar 35% azalsa da, cari ildə artım müşahidə olunur. Xüsusilə də bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 2.5 dəfə artaraq, 162.2 milyon ABŞ dolları olub.
“Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına indiyədək yatırdığı 30.6 milyard ABŞ dolları həcmində investisiyanın 28,8 milyardı enerji sektorunun payına düşür. İnteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpa olunan enerji, enerji səmərəliliyi, liberal enerji bazarına keçid və elektrik şəbəkələri üzrə əməkdaşlığımız nəinki iki ölkə arasındakı münasibətlərə, həm də enerji keçidi prosesinə öz töhfəsini verəcək”, - məlumatda Şahbazovun sözlərinə istinad olunur.
“Böyük Britaniya dənizdə külək enerjisi, intellektual enerji sistemləri, dayanıqlı tikinti, kənd təsərrüfatından yaşıl maliyyəyə və elektromobillərin istehsalına qədər ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiqi ilə bağlı qlobal prosesi təşviq edəcək maksimum imkanlara və təcrübəyə malikdir. Ümid edirəm ki, hökumətin enerji bazarının liberallaşdırılması və islahatlarla bağlı səyləri Azərbaycanı investorlar üçün daha da cəlbedici ölkəyə çevirəcək. Gələcəkdə Britaniyanın daha çox şirkəti infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələrə dəstək verə və Azərbaycanın böyük iqtisadi potensialının üzə çıxarılmasında mühüm tərəfdaş ola bilər”, - Styuart bəyan edib.
İclasının yekunlarına dair Protokol imzalanıb və Hökumətlərarası Komissiyanın 5-ci iclasının isə 2022-ci ildə London şəhərində keçirilməsi barədə razılıq əldə olunub. **
N.Abbasova