"Fitch Ratings" beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq üzrə proqnoz “mənfi”dən “stabil”ə yüksəlib.
Məlumata görə, proqnoza yenidən baxılması Azərbaycanın suveren reytinqi ilə bağlı atılan analoji addımla əlaqədardır.
“Reytinqin təsdiq edilməsi və proqnozun dəyişdirilməsi İKZF-nin Azərbaycan hökuməti ilə güclü əlaqəsinə (fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması) “Fitch”in dəyişməz baxışını əks etdirir. Suveren reytinqlə bağlı istənilən mənfi addım və ya dövlətlə əlaqənin zəifləməsi İKZF-nin reytinqinin endirilməsinə səbəb ola bilər. Eyni zamanda, suveren reytinq üzrə proqnoza yenidən baxılması fondla da bağlı analoji addımın atılmasına gətirib çıxaracaq”, - deyə məlumatda qeyd edilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. İKZF-nin bütün səhmləri dövlətə məxsusdur. Fondun nizamnamə kapitalı 637 milyon manatdır.*
Ə.Məmmədov