Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Belarus liderinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçıları ikitərəfli əməkdaşlığın istiqamətlərini və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
“A.Lukaşenko Belarusa karbohidrogen xammalı göndərilməsinə görə təşəkkürünü bildirib. Dövlət başçıları ölkələr arasında ticarət dövriyyəsinin artmasını və ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu məmnuniyyətlə qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Azərbaycan Prezidenti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı ətraflı məlumat verib, bu yaxınlarda baş vermiş məlum hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini çatdırıb.
Aleksandr Lukaşenko ölkəsinin bu vəziyyətin yaxın günlərdə nizamlanacağına ümidvar olduğunu qeyd edib.
Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyinə gəldikdə, dövlət başçıları əməkdaşlıq istiqamətlərini və Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsini geniş müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
Mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda Azərbaycanın şəhərsalma mütəxəssislərindən ibarət nümayəndə heyəti Belarusa səfər edəcək, belaruslu həmkarları ilə birlikdə regionda tikinti işlərinin başlanmasına dair planı işləyib hazırlayacaqlar.
Bundan əlavə, Azərbaycandan kənd təsərrüfatı üzrə nümayəndə heyətinin səfəri də gözlənilir..
“Bütövlükdə qarşıdakı görüşlər çərçivəsində belaruslu inşaatçıların və digər mütəxəssislərin Azərbaycanda görəcəyi işlərin konkret planları hazırlanacaq”, - deyə məlumatda qeyd olunur.*