2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 62 milyon 436 min ton yük daşınıb ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 6,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daşımaların azalması koronavirus pandemiyası və onun yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiqi ilə əlaqədardır.
Yük daşımalarının strukturunda 76,9% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 23,1% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin 4 ayı ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 4 milyon 899,6 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9% çoxdur.
Dəniz nəqliyyatı ilə 1 milyon 994,7 min ton (azalma 2%), avtomobil nəqliyyatı ilə 34 milyon 579,2 min ton (azalma 10,8%), hava nəqliyyatı ilə 139,8 min ton (artım 33%) müxtəlif yük daşınıb. Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 11 milyon 903,8 min ton neft (azalma 7,2%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov