2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 355 milyon 831,5 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 689,2 min nəfər (azalma 38,5%), dəniz nəqliyyatı ilə 4,3 min nəfər (azalma 25,9%), hava nəqliyyatı ilə 176 min nəfər (azalma 59,9%) daşınıb.
Yanvar-aprel aylarında metro ilə sərnişin daşınmayıb (2020-ci ilin yanvar-aprel aylarında metro ilə 50 milyon 855 min nəfər daşınıb - İF).
Bundan başqa, yanvar-aprel aylarında avtomobil nəqliyyatı vasitələri ilə 354 milyon 962 min sərnişin (azalma 22,4%) daşınıb.
Həmçinin, bu dövrdə avtobuslarla 326 milyon 773,2 min sərnişin (azalma 25,7%), taksilərlə 28,188 milyon sərnişin (artım 62,8%) daşınıb.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb.
Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Bakı Metropoliteninin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Metropolitenin fəaliyyəti oktyabrın 19-dan 2021-ci il iyunun 1-dək yenidən dayandırılıb.**
B.Rüstəmbəyov