2021-ci ilin birinci rübündə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $1,1 milyard məbləğində əməliyyat aparılıb ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $1,1 milyard olub. Bunun 89%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - bankdan bildirilir.
AMB-dən vurğulanıb ki, hesabat dövründə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 2019-cu illə müqayisədə 24,5% azalaraq $5,9 milyard ekvivalentində olub. “Nağdsız valyuta əməliyyatlarının 85,6%-i ABŞ dollarında, 14.4%-i isə digər valyutalarda aparılıb”, - bankdan qeyd olunur.
Hesabat dövründə valyuta əməliyyatlarının 30,6%-i banklararası valyuta bazarında (BVB), 69,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.**
Ə.Məmmədov