2021-ci ilin birinci rübündə xidmətlərin göstərilməsinə görə Azərbaycanın hava nəqliyyatı sektorunun gəlirləri 736 milyon 59,7 min manat təşkil edib (cari məzənnə ilə $432,9 milyon – İF), bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Həmçinin, hesabat döründə Azərbaycanda hava nəqliyyatı ilə 122,3 min sərnişin (azalma 3,6 dəfə) və 108,3 min ton yük daşınıb (artım 55,6%).
Hesabat dövründə hava nəqliyyatının payına nəqliyyat və anbar təsərrüfatı sektorunun bütün gəlirlərinin 32,95%-i düşüb.
Hökumətin məlumatına görə, 2021-ci ilin birinci rübündə nəqliyyat və anbar təsərrüfatı sektorunda xidmətlərin gəlirləri 2 milyard 233 milyon 837,6 min manat təşkil edib ($1,3 milyard – İF).
Hesabat dövründə yerüstü nəqliyyat sahəsində koronavirus pandemiyasına görə məhdudiyyətlərlə əlaqədar Bakı Metropoliteni sıfır gəlir əldə edib, “Azərbaycan Dəmir Yolları” QSC-nin gəlirləri 24,9% - 70 milyon 992,9 min manatadək, avtomobil nəqliyyatının gəlirləri – 29,4% - 241 milyon 984,5 min manatadək azalıb.
Bundan başqa, yanvar-mart aylarında dəniz nəqliyyatının gəlirləri 9,5% - 167 milyon 250,4 min manatadək azalıb. **
N.Abbasova