Azərbaycanda fəaliyyət göstərən şirkətlərin rəhbərlərinin əksəriyyəti rəqəmsal transformasiyaya sərmayə qoymağı planlaşdırır. Bu sözləri “PwC Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev deyib.
O qeyd edib ki, “PwC Azərbaycan” şirkəti 4-cü illik CEO sorğusu keçirib.
“Sorğunun nəticələrinə görə, CEO-ların 60%-i rəqəmsal transformasiyaya sərmayə qoymağı planlaşdırır, onların 67%-i isə hesab edir ki, ixtisaslı, savadlı və adaptasiya olunan işçi qüvvəsi biznesin əsas prioritetidir”, - deyə Paşayev vurğulayıb.
Sorğuda ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlərin 121 icraçı direktoru iştirak edib.
M.Paşayevin fikrincə, sorğunun nəticələri göstərir ki, Azərbaycandakı şirkətlərin rəhbərləri iqtisadiyyatları süni intellektə, robototexnikaya və digər yeni texnologiyalara əsaslanan sürətlə inkişaf edən ölkələrin gələcək uğurları üçün rəqəmsallaşdırma və ixtisasartırma işlərinin həlledici əhəmiyyət daşıması mövqeyinin tərəfdarıdır.*
A.Əzizov