Rəsmi Bakı Cənubi Qafqazda dayanıqlı sülhün inkişafı üçün Tehranla birgə səy göstərəcəyinə ümid edir. Bunu Prezident İlham Əliyev deyib.
“Regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır”, - deyə dövlət başçısı mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən bildirib.
Prezident qeyd edib ki, pandemiyaya baxmayaraq, qarşılıqlı ticarət dövriyyəsində artım var. Bütün sahələrdə irəliləyişə nail olunub.
“Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir”, - deyə İ.Əliyev vurğulayıb.
C.Zərif Bakının regiona dayanıqlı sülh gətirmək üçün İrəvanla sülhə nail olmaq arzusunu təqdir edib.
“İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə