Xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT-in baş katibi Helqa Şmid ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
“Görüş zamanı nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. O, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə 30 il davam edən münaqişəyə son qoyulduğunu diqqətə çatdırıb və bəyanatın hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün geniş imkanlar yarandığını vurğulayıb”, - deyə XİN-in məlumatında bildirilir.
Görüş zamanı, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn bir sıra məsələlər müzakirə edilib, xüsusilə regional nəqliyyat bağlantılarının açılmasının Ermənistan da daxil olmaqla bütün region dövlətləri üçün yeni imkanlar açdığı və Ermənistan üçün iqtisadi əməkdaşlıq və inkişafdan yararlanmaq imkanının yarandığı bildirilib.
Tərəflər eyni zamanda, regionda baş verən proseslər, ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.*
A.Əzizov