Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviaşirkəti 3 iyuldan etibarən Bakı-Alanya-Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq.
Türkiyənin bu kurort şəhərinə uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.
Bundan əlavə, 19 iyun tarixindən aşağıbüdcəli aviaşirkət Ankaraya uçuşların sayını artıracaq. Həmin tarixdən etibarən “Buta Airways” Türkiyənin paytaxtına həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri uçuşlar həyata keçəcək.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə edə bilərsiniz.
Aviabiletin dəyəri 55 avrodan başlayır.
Yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.
Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri Türkiyə ərazisinə giriş hüququna malik olmalı, koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar.
Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalı, koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.*
N.Abbasova