Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Prezident İlham Əliyevi Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Amreyev bütün Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin Cənubi Qafqazın inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirib.
“Zati-alinizin liderliyi və qətiyyəti sayəsində Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin üzv dövlətlərimiz başda olmaqla, bütün region ölkələrinin iqtisadiyyatının inkişafına, sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə bir daha əmin olduğumu bildirmək istərdim”, - deyə təbrikdə qeyd olunur.
Amreyev vurğulayıb ki, Türk Şurası çərçivəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri daha da genişlənərək enerji, kənd təsərrüfatı, səhiyyə və miqrasiya sahələrini də əhatə edib.*
X.Nəsirzadə