Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində atışmanın baş verməsi və nəticədə erməni hərbçinin ölməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
“Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb. Sərəncamımızda olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.
“Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb. Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır”, - deyə açıqlamada bildirilir.*
A.Əzizov