Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında ikitərəfli görüş keçirilib.
“Görüş çərçivəsində yükdaşıma sahəsində birgə fəaliyyətin nəticələri və tərəfdaşlığın uzunmüddətli perspektiv istiqamətləri üzrə gələcək addımlar müzakirə olunub. Xüsusilə tərəflər Qazaxıstan və Azərbaycanın dəmir yolları vasitəsilə tranzit yük daşımaları seqmentində həcmin müsbət dinamikasını qeyd ediblər”, - deyə Qazaxıstanın dəmir yolları operatorunun məlumatında bildirilir.
2021-ci ilin 4 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) ilə konteynerlərin tranziti 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə - 4,3 min TEU-ya qədər artıb.
“2019-cu ildə işə salınmış Aktau limanı-Bakı limanı (Ələt)-Bakı limanı fider xətti fəal inkişaf edir. 2021-ci ilin yanvar-aprel ayları ərzində daşımaların həcmi 5 min TEU-dan artıq olub ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 11% çoxdur”, - deyə məlumatda vurğulanır.
“Görüş iştirakçıları, həmçinin TMTM ilə daşımaların səmərəliliyini qeyd ediblər, Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirən beynəlxalq dəhliz çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər”, - deyə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Rahmetolla Kudaybergenov bildirib.
Bundan əlavə, 2025-ci ilə qədər marşrutun inkişaf strategiyasının qəbul edilməsinin vacibliyi vurğulanıb. Bu strategiya TMTM-nin potensialını tam şəkildə reallaşdırmağa imkan verəcək.
“Tərəflər, həmçinin daşıma fəaliyyətinin təkmilləşdirilməsi üçün marşrutun rəqəmsallaşdırılması ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov