“MİDA” MMC Sumqayıtda inşa olunacaq ikinci yaşayış kompleksində çoxmənzilli binaların tikintisi layihəsinin hazırlanması üçün şirkət seçiminə dair tenderi ləğv edib.
“Açıq tender cari ilin aprel ayında elan olunub. Ləğv olunma barədə qərar müsabiqə seçimi iştirakçılarının sayının “Dövlət satınalmaları haqqında” qanunla nəzərdə tutulan 3-dən az olması ilə əlaqədardır”, - MİDA-dan izah ediblər.
Xəbər verildiyi kimi, yeni kompleks Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2 ha ərazidə inşa olunacaq.
Hazırda MİDA Sumqayıt şəhərində ümumi sahəsi 0,76 hektar olan ərazidə yaşayış kompleksinin tikintisi layihəsini reallaşdırır. Yaşayış kompleksi 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.**
N.Abbasova