Azərbaycanda biometrik texnologiya əsasında mikrokreditlərin verilməsi layihəsinə start verilir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi məlumat verir.
Məlumatda qeyd olunduğu kimi, Mərkəz və “AzPul” MMC BOKT arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb.
“Müqaviləyə əsasən, kiçik məbləğli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdirəcək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik elektron imza sertifikatı təqdim edəcək. Qeyd olunan həll üztanıma və açıq açar texnologiyasını özündə birləşdirir. Bu texnologiyadan istifadə edərək elektron imza tələb olunan istənilən əməliyyatı məsafədən, onlayn formada aparmaq mümkündür”, - Mərkəz məlumat verir.
Bu həll tərəfdaşlara öz xidmətlərinin inkişaf etdirilməsi üçün aşağıdakı imkanları verir: real vaxt rejimində müştərinin elektron imza sertifikatı əldə etməsi; məkandan və zamandan asılı olmadan xidmətdən istifadə; saxtakarlıq hallarının qarşısının alınması (şəxsin xəbəri və iştirakı olmadan adına əməliyyat aparılması mümkünsüzdür).
Mərkəzdən əlavə edilib ki, təklif edilən həll istər dövlət, istərsə də özəl sektorun təmsilçiləri tərəfindən istifadə oluna bilər. **
X.Nəsirzadə