Azərbaycan Beynəlxalq Bankı (ABB) 2020-ci ildə tikinti sahəsinin kreditləşdirilməsi üzrə portfelini 136,255 milyon manatadək artırıb. Bu barədə bankın 2020-ci ilin yekunları üzrə auditi aparılmış hesabatında deyilir.
2019-cu ilin yekunları üzrə ABB-nin tikinti sahəsinin kreditləşdirilməsi üzrə portfeli 50,393 milyon manat təşkil edib. Beləliklə, ötən il ərzində bank sözügedən kredit portfelini 2,7 dəfə artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
ABB 2020-ci ildə fiziki şəxslərin kreditləşdirilməsi üzrə portfelini 1 milyard 294,486 milyon manatadək (artım 14,1% - İF) artırıb. 653,827 milyon manat ipoteka kreditlərinin (artım 13,3%), 595,659 milyon manat isə istehlak kreditlərinin (artım 14,9%) payına düşüb.
31 dekabr 2020-ci il tarixinə ticarət və xidmət sahəsinin kreditləşdirilmə həcmi 697,319 milyon manat (artım 24,7%), YEK-in – 245,689 milyon manat (artım 0,4%), nəqliyyat sahəsinin – 33,713 milyon manat (azalma 82,7%), istehsal sahəsinin – 101,56 milyon manat (artım 32,5%), telekommunikasiya sahəsinin – 35,246 milyon manat (azalma 12,4%) təşkil edib.
2020-ci ilin yekunları üzrə ABB-nin kredit portfeli 2 milyard 547,283 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 11,3% çoxdur.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov