Azərbaycan və İran Araz çayının su ehtiyatlarından istifadə ilə bağlı bir sıra məsələləri müzakirə edib. Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC məlumat verib.
Mayın 31-də Azərbaycan və İran “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Birgə Komissiyasının iclasını keçirməyi planlaşdırır.
İclasdan öncə tərəflər videokonfrans şəklində keçirilən görüşdə cari məsələləri müzakirə ediblər.
“Görüş zamanı tərəflər Araz su anbarının 2021-ci il üçün iş rejimini və iki ölkə arasında su bölgüsünü müəyyənləşdiriblər”, - ASC-nin məlumatında deyilir.
Bundan başqa, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilib, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi aparılıb.
“O cümlədən, su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsinə dair qərar qəbul olunub”, - cəmiyyətdən vurğulanır. **
B.Rüstəmbəyov