Rəsmi Belqrad Bakı ilə iqtisadi münasibətlərin inkişafında maraqlıdır. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç qeyd edib.
Vuçiç 28 May - Respublika Günü münasibətilə \Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“İkitərəfli münasibətlərimizin iqtisadi aspektinə xüsusi diqqət yetirdiyimizi vurğulamaq istərdim. Bu səbəbdən Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin Azərbaycan Respublikasına qarşıdakı səfəri zamanı keçiriləcək Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, altıncı iclasını səbirsizliklə gözləyirik”, - Vuçiç bildirib.
Serbiya prezidenti qarşıdakı dövrdə iki ölkə arasında dialoqu ən ali və ən yüksək səviyyədə intensivləşəcəyinə əminlik ifadə edib, “bu da strateji münasibətlərimizi daha güclü, daha dinamik və daha yaxşı vəziyyətə gətirəcək”.
O, həmçinin qeyd edib ki, bu ilin oktyabrında Belqradda Qoşulmama Hərəkatının ilk konfransının 60-cı ildönümünü ilə əlaqədar Azərbaycan lideri ilə görüşü səbirsizliklə gözləyir.
“Görüşümüzü səbirsizliklə gözləyirəm, əminəm ki, bu, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etmək üçün əla bir fürsət olacaq”, - Serbiya prezidenti vurğulayıb. **
X.Nəsirzadə