Rusiya Federasiyasının prezidenti Vladimir Putin milli bayramımız - Respublika Günü münasibətilə Azərbaycan prezidentiİlham Əliyevi təbrik edib. Təbrik məktubunda bundan sonra da ikitərəfli strateji tərəfdaşlığın təmin ediləcəyinə əminlik ifadə edib.
“Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Azərbaycan dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır”, - Azərbaycan prezidentinin saytında dərc olunan Putinin təbrik məktubunda qeyd olunur.
Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk.
Putin vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. “Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq diləyirəm”, - RF prezidenti vurğulayıb.
Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur. **
B.Rüstəmbəyov