Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları öz ərazilərində mühəndis işləri aparan zaman Azərbaycan tərəfindən əsir götürülüblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 27-də səhər Ermənistanın Geqarkunik vilayətinin sərhədyanı ərazisində Ermənistan silahlı qüvvələrinin N saylı hərbi hissəsinin müdafiə sahəsində mühəndis işləri aparılarkən 6 erməni hərbçi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən mühasirəyə alınaraq əsir götürülüb”, - deyə məlumatda bildirilir.
Nazirlikdən qeyd ediblər ki, əsir götürülmüş hərbçilərin qaytarılması ilə bağlı tədbirlər görülür.
Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının sərhədi keçməsi cəhdinin qarşısının alınması və 6 erməni hərbçinin əsir götürülməsi barədə məlumat yaymışdı.
“Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb”, - deyə məlumatda bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi qeyd edir ki, səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib.
“Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə məlumatda vurğulanır.*