Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan ərazilərinə keçmək cəhdini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın İrəvan tərəfindən pozulması kimi qiymətləndirir.
“Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni hərbçi Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib. Bu, növbəti təxribat xarakterli hərəkətdir”, - deyə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb.
Azərbaycan Müdafiə Nazirliyi mayın 27-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun iki ölkənin sərhədini keçməsi cəhdinin qarşısının alınması barədə məlumat yayıb.
“Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb”, - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi qeyd edir ki, səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib.
“Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova