Prezident İlham Əliyev bəyan edib ki, Şuşada tikintisi Türkiyə tərəfindən maliyyələşdiriləcək məktəbin təməli Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində qoyulacaq.
“Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır”, - deyə dövlət başçısı mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən bildirib.
İ.Əliyev Azərbaycan-Türkiyə əlaqələrinin bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcəyinə əmin olduğunu deyib.
“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir”, - deyə prezident qeyd edib.
“Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz”, - deyə İ.Əliyev vurğulayıb.
Öz növbəsində, Türkiyənin milli təhsil naziri Ziya Selçuk bildirib ki, FETÖ məsələsində Azərbaycan Prezidentinin göstərdiyi qətiyyət, verdiyi dəstək Türkiyə üçün çox mühümdür.*
X.Nəsirzadə