Prezident İlham Əliyev bəyan edib ki, Bakı işğaldan azad edilmiş ərazilərdə peşə məktəblərinin yaradılmasında Ankaranın dəstəyinə ümid edir.
“Mən çox şadam ki, peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, Azərbaycan, dediyim kimi, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik”, - deyə dövlət başçısı mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən bildirib.
Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsindəki qələbəmiz, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, eləcə də Türkiyənin hərtərəfli dəstəyi hər iki ölkənin bütün tarix dərsliklərinə salınmalıdır.
“Mən artıq göstəriş vermişəm ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın. İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə, real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə