Azərbaycan Müdafiə Nazirliyi hesab edir ki, erməni kəşfiyyat-diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinin təminat yolunu şəxsi heyət arasında itkilərin sayını artırmaq məqsədilə minalamağı planlaşdırırdı. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov deyib.
“Hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir. Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olub. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun”, - deyə o bildirib.
“Sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?”, - deyə A.Eyvazov vurğulayıb.
O qeyd edib ki, ön xəttə Ermənistan silahlı qüvvələrinin tank birləşmələri də cəmləşmişdi ki, bu da düşmənin niyyətini bir daha ortaya qoyur.
“Kəşfiyyat-diversiya qrupunun fəaliyyətini mühəndis işləri kimi qələmə verməsi düşmənin özünə bəraət qazandırmaq cəhdidir”, - deyə Eyvazov əlavə edib.*
X.Nəsirzadə