Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycana silahlı qüvvələrin bölmələrinin qarşılıqlı şəkildə sərhəddən çıxarılmasını və orada beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edib.
“Beynəlxalq birliyə və Azərbaycan hökumətinə müraciət edirəm. Ermənistan-Azərbaycan sərhədindəki problemin dinc yolla həlli variantını təklif edirəm - Ermənistan və Azərbaycan silahlı qüvvələrin bölmələrini sərhəddən çıxarır, qoşunlar daimi dislokasiya yerlərinə qayıdır. Bunun əvəzində burada beynəlxalq müşahidəçilər (Rusiya və ya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan Fransa, ABŞ) yerləşdirilir”, - deyə Paşinyan bu gün Ermənistan Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin yerləşdirilməsi tərəflərin razılığın yerinə yetirildiyinə əmin olması üçün vacibdir.
“Söhbət Sotkdan (Ermənistanın şərqindəki Geqarkunik vilayəti) Xoznavara (Ermənistanın cənubundakı Sünik vilayəti) qədər olan hissələrdən gedir. Bundan sonra beynəlxalq birliyin himayəsi altında sərhədyanı məntəqələrin dəqiqləşdirilməsi üzrə işlərə başlanılmalıdır. Bu prosesdə də Rusiya və ya ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələr iştirak etməlidir”, - deyə Paşinyan qeyd edib.*