Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov və bir qrup Qarabağ ermənisi Ermənistan sakinlərinə müraciət edib.
“İnterfaks-Azərbaycan” agentliyinə daxil olan müraciətdə deyilir: “İyunun 20-də keçiriləcək seçkilər yaxınlaşdıqca, Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan ilə müxalifəti təmsil edən namizədlər arasında daxili siyasi mübarizə qızışır. Öz tərəfinə daha çox seçici cəlb etmək və daha vətənpərvər görünmək üçün bütün bu siyasi qüvvələr Azərbaycana qarşı şifahi hücum taktikasını seçiblər. Xüsusilə İrəvanda guya Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Zəngəzurdakı ərazilərini işğal etməsi ilə bağlı əsassız ittihamlar səsləndirilir.
Biz, ilk növbədə, erməni xalqına müraciət edirik. Hörmətli Ermənistan vətəndaşları, heç bir işğaldan söhbət getmir, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhədlərin delimitasiyası aparılır. Onsuz da ağır olan vəziyyəti siyasiləşdirmək və mürəkkəbləşdirmək istəyən qüvvələrin əlində alət olmaq lazım deyil. Aydındır ki, Ermənistan tərəfinin və Azərbaycan tərəfinin ölkələr arasında sərhədin bəzi hissələrinin haradan və necə keçməli olması ilə bağlı mövqeləri üst-üstə düşmür. Bu məsələləri SSRİ dövründə mövcud olmuş sərhədlər əsasında həll etməyə davam etmək lazımdır. Axı istənilən halda sərhədləri müəyyən etmək lazımdır. Sərhədlər nə qədər tez müəyyən edilərsə, bu, hər iki tərəf üçün bir o qədər yaxşı olacaq. Sonra isə Azərbaycan ilə Ermənistan arasında yollar və kommunikasiyalar açılmalıdır. Bundan, ilk növbədə, Ermənistanın özünün siyasi, iqtisadi və sosial vəziyyəti asılıdır”.
Müraciəti Artur Ağacanov, Valeri Yeritsyan, Georgi Arakelyan, Lyova Yaxşıbəyov, Karina Yeritsyan və digərləri imzalayıblar.*