Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı iki ölkənin sərhədində gərgiliyin eskalasiyasında ittiham edib.
“Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir», - XİN-in bəyanatında deyilir.
Azərbaycan XİN Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırır.
Xəbər verildiyi kimi, mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar. Nəticədə hərbi qulluqçumuz, əsgər Muradov Elxan yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşdüyünü bildirib.
«Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır”, - MN-nin məlumatında vurğulanır. **
Ə.Məmmədov