Ukrayna prezidenti Vladimir Zelenski cümə günü Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan liderinin saytı məlumat verir.
Zelenski Əliyevi Ukraynaya səfərə dəvət edib
“Ümidvaram ki, 2021-ci ilin avqust ayında Ukraynanın müstəqilliyinin 30 illiyinin təntənəli surətdə qeyd edilməsi tədbirləri çərçivəsində Sizi Kiyevdə salamlamaq və ikitərəfli tərəfdaşlığa dair bütün kompleks məsələlər barədə dialoqumuzu davam etdirmək fürsətim olacaq”, - Ukrayna prezidenti qeyd edib.
Zelenski vurğulayıb ki, Ukrayna iki ölkə arasında mövcud strateji tərəfdaşlığı, Ukrayna və Azərbaycan xalqları arasındakı ənənəvi möhkəm əlaqələri, habelə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün göstərilən qətiyyəti yüksək dəyərləndirir.
“İnanıram ki, Ukrayna və Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək və dövlətlərimizin xalqlarının rifahı naminə yeni nailiyyətlərlə zənginləşəcək.”, - təbrik məktubunda deyilir.
Ukrayna lideri əlavə edib ki, ölkəsi Azərbaycanın Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir. **
Ə.Məmmədov