Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev istifadəyə verilmiş “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Metrostansiya Nəsimi rayonu ərazisində,Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşir və Zəfər Günü münasibətilə “8 noyabr” adlanır.
Stansiyanın uzunluğu 166,98 metr təşkil edir ki, bu da 7 vaqonlu qatarları qəbul etməyə imkan verir. Stansiyanın istismara verilməsi ilə qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olub. Bu məqsədlə В-03 stansiyasının inşaat işlərinə paralel olaraq, 193,1 metr uzunluqda keçid tikilib.
Stansiya 3 səviyyəlidir. Stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə yerdəyişməsi 17 eskalatorla həyata keçirilir. Həm də burada fiziki imkanları məhdud sərnişinlər üçün liftlər quraşdırılıb.
“8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 230 milyon nəfəri ötür.**
Ə.Məmmədov