2021-ci ilin yanvar-aprel aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $451,906 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Yanvar-aprel aylarının yekunları üzrə dövlət şirkətləri arasında “SOCAR Polymer” MMC ($67,2 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($51,9 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub”, - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($67 milyon), “Azəralüminum” MMC ($45,2 milyon), “AzerGold” QSC ($42,6 milyon), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($34,6 milyon), “Azərenerji” ASC ($23,1 milyon), “Azərbaycan Dəmir Yolları” QSC ($1,2 milyon), “Caspian Geo” MMC ($0,769 min), “Azəripək” MMC ($0,731 milyon) və Naxçıvan Dövlət Energetika Xidməti ($206 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “Azerbaijan International Mining Company” ($23 milyon), “P-Aqro” MMC ($21,6 milyon), “Sun Food” MMC ($14,3 milyon), “Baku Steel Company” MMC ($14 milyon), “Azərşəkər İstehsalat Birliyi” MMC ($13,3 milyon), “Metal Trade Ltd” MMC ($9,8 milyon), “RAM Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC ($9,2 milyon), “Cristal Fruit” MMC ($6,1 milyon) və “AQROVEST” MMC ($6,1 milyon) daxildir.
Azərbaycan yanvar-aprel aylarında $697 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova