Rəsmi Bakı beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan dövlət sərhədində gərginlik məsələsinin danışıqlar yolu ilə həlli, habelə iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı çağırışlarını dəstəkləyir. Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Dəfələrlə bəyan etmişik ki, biz sərhəd gərginliyi məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq, habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı çağırışlarını dəstəkləyirik. Bildiyiniz kimi, bir müddət əvvəl bu məsələ ilə bağlı irəli sürülən Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifini də Azərbaycan dəstəkləyib”, - deyə L.Abdullayevanın açıqlamasında bildirilir.
O qeyd edib ki, sərhəd xəttinin demarkasiyası və delimitasiyası zamanı hər iki ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır.
“Yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyasına və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər”, - deyə o vurğulayıb.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatına münasibət bildirən Mətbuat xidməti idarəsinin rəisi xatırladıb ki, saxlanılan 6 erməni hərbçi yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik, əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsini təklif etməzdən əvvəl ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət yetirməli, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdırlar.
L.Abdullayeva qeyd edib ki, həmsədr ölkələr üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər.*
X.Nəsirzadə