2020-ci il noyabrın 10-dan Qarabağda 2,7 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
“2020-ci il noyabrın 10-dan 2021-ci ilin may ayınadək 2 min 763,5 hektar ərazi təmizlənib. Bu müddətdə piyada əleyhinə 7449 ədəd mina, tank əleyhinə 3643 ədəd mina və 9033 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, - Agentliyin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, minalanmış sahələr azad olunmuş ərazilərdə əsas problemlərdən biridir. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağın işğalı dövründə Ermənistan tərəfi bu əraziləri minalayıb və müharibə bitdikdən sonra İrəvan indiyədək mina xəritələrini Bakıya təqdim etməyib.
Öncə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib ki, 2020-ci il noyabrın 10-dan etibarən Qarabağda mina partlaması nəticəsində Azərbaycanın 22 mülki vətəndaşı və hərbi qulluqçu həlak olub, 100-dən artıq şəxs xəsarət alıb. **
X.Nəsirzadə